ماوی گؤزلریندن سوزوله جه یم.
اینجی تک سینه وه دوزوله جه یم.
بیر آن تک الیندن اوزوله جه یم.
یاتسان دا یوخووا گله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
سنه یازدیغیم شئعرقالاجاق یاریم.
آ...جئیران سئوگیلیم،آ...گؤزل یاریم.
ساچلاریوی اوخشایاجاق روزگاریم.
سنینله سئودامی بؤله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
اوشاقلارین ناغیلیندا یاشارام.
چیرکلنمه میش دویغولاردا داشارام.
« دویمه قله» قوشماسینی قوشارام.
تاپماجانی گوله-گوله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
داحی تر تؤکمه رم قارین یولوندا.
یوخلوغا گئدرم وارین یولوندا.
واریمدان گئچرم یارین یولوندا.
نه دیر بو ایضطیراب، چیله، بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
یوخ، قورخمام کیمسه دن چکمه رم خیمی.
برکده قوللانارام اؤلوم شانسیمی.
عجلله ائدرم اؤلوم دانسیمی.
یارانیش هدفین بیله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
قورخونون حیدودون گئچیب،گئدرم.
آییران مفتیلی سؤکوب دیده رم.
چاتمازلیق اؤلکه سین الده ائدرم.
نه دیر شو قورولان حیله، بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
داحی قوللانانماز باشداکی منی.
قوللانسا قوللانار داشداکی منی.
سئوسن ده سئورسن کاشداکی منی.
حئسابدان اؤزومو سیله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
بلکی ده شئعریمده یاشایار آدیم.
نه مالیم-مولکوم وار، بونلار هر زادیم.
دردلری بیلمیرم؛حاردان آنلادیم؟!
شئعیر حاردان گلیر دیله، بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
خزانسان،نه اولار گوله، بیلمزسن.
یاراسان، درد نه دیر،بیله بیلمزسن.
دای منی آغلادیب گوله بیلمزسن.
ائی دونیا من سنه گوله بیلرم.
دئمک من ده بیر گون اؤله بیلرم.
بیزی ایدیرنی،بیر گون ایه جم.
بؤیوسم خالقیملا من بؤیویه جم.
او سون نفسیمده وطن دئیه جم.
گولله لره قارشی گله بیلرم.
-- خسرو صلح کننده [ باریشان] --
Mavi gözlərindən süzüləcəyəm.
İnci dək sinəvə düzüləcəyəm.
Bir an dək əlindən üzüləcəyəm.
Yatsan da yuxuva gələ bilərəm.
Demək; mən də bir gün ölə bilərəm.
Sənə yazdığım şer qalacaq yarım.
A...ceyran sevgilim, A...gözəl yarım.
Saçlarıvı oxşayacaq rüzgarım.
Səninlə sevdamı bölə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Uşaqların nağılında yaşaram.
Çirklənməmiş duyğularda daşaram.
((Düymə qələ)) qoşmasını qoşaram.
Tapmacanı gülə-gülə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Dahı tər tökmərəm qarın yolunda.
Yoxluğa gedərəm varın yolunda.
Varımdan geçərəm yarın yolunda.
Nedir bu iztirab, çilə, bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Yox, qorxmam kimsədən, çəkmərəm xımı.
Bərkdə qullanaram ölüm şansımı.
Əcəllə edərəm ölüm dansımı.
Yaranış hədəfin bilə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Qorxunun hududun geçib gedərəm.
Ayıran məftili söküb didərəm.
Çatmazlıq ölkəsin əldə edərəm.
Nədir şu qurulan hilə?, Bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Dahı qullananmaz başdaki məni.
Qullansa qullanar daşdaki məni.
Sevsen də sevərsən kaşdaki məni.
Hesabdan özümü silə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Bəlki də şerimdə yaşayar adım.
Nə malım-mülküm var,bunlar hər zadım.
Dərdləri bilmirəm hardan anladım?!
Şeir hardan gəlir dilə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Xəzansan, nə olar gülə bilməzsən.
Yarasan, dərd nədir? Bilə bilməzsən.
Day məni ağladıb gülə bilməzsən,
Ey dünya mən sənə gülə bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Bizi əydirəni bir gün əyəcəm.
Böyüsəm xalqımla böyüyəcəyəm.
O son nəfəsimdə vətən deyəcəm.
Güllələrə qarşı gələ bilərəm.
Demək mən də bir gün ölə bilərəm.
Şeir:Xosrov solh konəndə(BARIŞAN)



